Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti başa çatıb

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti başa çatıb



27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Sammit dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

 

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Kondeferasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF-nin prezidenti Taha Ayhan İƏT-ə üzv ölkələr arasındakı iqtisadi-ticarət və mədəni əməkdaşlıq, Azərbaycanın biznes və investisiya imkanları, o cümlədən işğaldan azad olunmuş Qarabağın iqtisadi potensialı, müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, COVID-19 pandemiyasının yaratdığı çağırışlar və s. istiqamətlərdə fikirlərini bölüşüblər. Malayziyanın sabiq baş naziri Mahatir Mohamad isə sammit iştirakçılarına videomüraciət edib. 

 

Sammit çərçivəsində “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar”, “Post COVID dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi”, "Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış", “İnvestisiya qərarlarında mədəni ölçü", “Startap layihələrinə investisiya qoyuluşu” və “Davamlı inkişaf məqsədlərinə nail olunması üçün texnoloji investisiyaların rolu” mövzularında panel müzakirələr təşkil olunub. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri və əməkdaşlıq imkanları diqqətə çatdırılıb. 

 

Sammit zamanı İƏT-ə üzv ölkələrdən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilib. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələr üzrə startap layihələr təqdim olunub. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsinə dəstək göstərmək olub. Məlumat üçün bildirək ki, sammit çərçivəsində layihəsini potensial investorlara təqdim etmək üçün ümumilikdə 61 ölkədən 500 startap müraciət edib, onların arasından 50 startap seçilib. 

 

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Sammit iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində işğal dövründə Ermənistan tərəfindən törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi, Cıdır düzü və digər tarixi-mədəni abidələr qonaqların böyük marağına səbəb olub. 

 

Sammit iştirakçıları həmçinin, Gəncə şəhərində olublar. Füzuli Beynəlxalq Hava Limanı vasitəsilə reallaşdırlan bu səfər həm də Füzulidən Gəncəyə ilk təyyarə səfəridir. Qonaqlar Gəncə şəhərində görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş mədəni tədbirdə iştirak ediblər.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel