09.12.2022   1618
Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün maarifləndirmə tədbirinə başlanılıb. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin birgə təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın tərəfdaşlığı, “Maricel Astara Resort” otelin dəstəyi ilə “Regional tərəfdaşların inkişafı” layihəsinə start verilib.
Dekabrın 9-da Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş Konfrans keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin deputatı Vüqar İskəndərov sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər.
“Marsol” MMC-nin İdarə Heyətinin sədri Tural Mustafayev, “Kapital Bank”ın Korporativ və KOS satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə və “Maricel Real Estate”in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlarla əməkdaşlıq, dövlət dəstək tədbirlərindən necə yararlanmaları barədə danışıblar.
Konfrans Bakı və region sahibkarlarını bir araya gətirməklə, onlar arasında netvörkinq və birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün də imkan yaradıb.
Tədbir çərçivəsində həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunub. KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcəkdir.
Powered by Froala Editor
Sending the project to e-mail: