22.05.2024   1265
Tədbirdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənc sahibkarların rolu, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin gənc sahibkarlarının əməkdaşlıq görüşü keçirilib.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycandan və Türkiyədən 90-dan çox gənc sahibkarın, eləcə də gənclər təşkilatlarının və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənc sahibkarların rolunun artırılması və yeni əməkdaşlıqların qurulmasıdır.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə başlayan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yüksələn xətt üzrə davam edən Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, biznes sektorlarında uğurla inkişaf etdiyini vurğulayıb, hər iki ölkə gənclərinin, xüsusilə də gənc sahibkarların bu prosesdə aktiv iştirakına və onlar arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüblər.
Anadolu Aslanları İş Adamları Dərnəyinin Gənclər Şurasının baş direktoru Abdulla Uçan çıxışında Türkiyə iş adamlarının, xüsusilə gənc sahibkarların Azərbaycanda fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.
Həmçinin tədbirdə KOBİA və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən tədbirlər və layihələrə dair təqdimatlar edilib, gənc sahibkarlar müvafiq layihələrdə aktiv iştiraka dəvət olunublar.
Tədbir hər iki ölkə sahibkarları arasında alternativ enerji, kimya, inşaat, qida sənayesi, marketinq, e-ticarət, mədən sənayesi, tekstil kimi sektorlarda əlaqələrin daha da genişləndirilməsi imkanlarının və birgə təşəbbüslərin müzakirə edildiyi B2B görüşlərlə başa çatıb.
Powered by Froala Editor
Sending the project to e-mail: